İsveçrədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Valdis Zatlersin Davosda görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı qeyd olunub. Azərbaycana səfərinin çox uğurla keçdiyini qeyd edən prezident Valdis Zatlers deyib ki, Bakıda keçirilən görüşlər səmərəli nəticələr verib. Latviya prezidenti ölkələrimizin iqtisadi sahədə əlaqələrinin genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. Dövlət başçısı Latviya prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini bildirib. Görüşdə regional əməkdaşlıq, ikitərəfli münasibətlər, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.