Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır. Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıbəylinin ANS-ə verdiyi məlumata görə, sessiyada Danimarkadan olan millət vəkili Paulson tərəfindən hazırlanan Avropada qaçqın və məcburi köçkünlərin əmlak vəziyyəti haqqında məruzə dinləniləcək. Gültəkin Hacıbəylinin sözlərinə görə, Avropada ən çox qaçqın və məcburi köçkün Azərbaycanda olduğundan Azərbaycan nümayəndə heyəti də sessiyada bu məsələni gündəmə gətirəcək. Bundan əlavə bu gün AŞPA-nın yeni prezidenti seçiləcək. Artıq indidən bu postu tutmaq üçün Türkiyənin qurumdakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun şansı yüksək qiymətləndiridir. Belə ki, o yeganə namizəddir. Qeyd edək ki, buna qədər AŞPA-nın prezidenti Luis Mariya de Puç olub.