Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 12-dək bələdiyyə seçkilərinin nəticələrini təsdiq edəcək. MSK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Seçki Məcəlləsinin 239-cu maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını yoxlamalıdır və seçkinin ümumi yekunları haqda protokol tərtib etməlidir. Məcəllənin 241-ci maddəsinin tələblərinə görə, MSK seçki günündən başlayaraq ən geci 30 gün müddətində bələdiyyə seçkilərinin nəticələrini elan etməlidir. O da qeyd olunur ki, qanunvericilikdə bələdiyyə seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsində təsdiq olunmasını nəzərdə tutan müddəa yoxdur. Yəni nəticələri MSK təsdiq edir və qərar rəsmi qəzetlərdə dərc olunur. Qərar dərc olunduğu gündən yeni seçilən şəxslər bələdiyyə üzvü sayılırlar.