Böyük Britaniyanin sabiq baş naziri Toni Bleyerin bu gün Bakıya səfəri başlayır. Səfər çərçivəsində Toni Bleyer Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda Metanol Zavodunun inşası üçün 120 milyon dollarlıq kredit ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak edəcək. Kredit maliyyələşməsi iki formada həyata keçiriləcək. 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon isə 10 il müddətinə veriləcək. Tikinti işlərinə isə 2007-ci ildən başlanılıb. Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardır. Qaradağ rayonunda yerləşəcək müəssisə metanol istehsal edəcək. Qeyd edək ki, Toni Bleyer ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan edib. Xatırladaq ki, Leyboristlər Partiyasının lideri, İngiltərənin 73-cü baş naziri Toni Bleyer 2007-ci ildən Yaxın Şərq münaqişəsinin nizamlanmasi üzrə xüsusi nümayəndə təyin edilib.