Noyabrın 23-də Belçikanın Flandriya regionunun İnvestisiya və Ticarət Agentliyinin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Belçika tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, konsaltinq, loqistika, inşaat, sənaye və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkətin nümayəndəsi iştirak edib. Biznes forumda İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev, Belçika Krallığının Azərbaycandakı səfiri Filip Jottard və ölkəmizin Belçikadakı səfiri Emin Eyyubov çıxış edərək iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat vermiş, iş adamlarını tədbirdə fəal iştiraka dəvət ediblər. Sonra AZPROMO-nun prezidenti vəzifələrini icra edən Adil Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə şirkətin fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı təqdimatlarla çıxış ediblər. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.