?Çörəyin qiymətinin iki dəfəyə qədər endirilməsi fikrimdə yenə qalıram. Çünki bu, əsaslandırılmış fikirdir. Əgər Azərbaycanda ərzaq buğdasına tələbat 1 milyon 600 min tondursa, 2009-cu ildə 2 milyon 130 min ton ərzaq buğdası istehsal olunub. Heç kəsə sirr deyil ki, istər dünya, istərsə də Azərbaycanda istehsal olunan buğdanın qiyməti təxminən 2 dəfəyə qədər aşağı satılıb. Əgər bir məhsulun maya dəyərinin qiymət iki dəfə aşağı düşürsə, çörəkbişirmə sənayesində çalışan şəxslər çörəyin qiymətinə yenidən baxmalıdırlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə kənd təsərrüfatı naziri İsmət Abbasov çörəyin qiymətinin aşağı düşəcəyi ilə bağlı proqnozlara münasibət bildirərkən deyib: ?Çörəyin qiymətinin aşağı düşməsi gündəmdə olan əsas məsələlərimizdəndir. Əgər buğdanın qiyməti dünya bazarında və yerli bazarlarda da aşağı düşürsə, çörəyin qiymətinə yenidən baxılaraq, aşağı düşməlidir?. İ.Abbasov onu da bildirib ki, çörəyin qiyməti ilə bağlı müəyyən hesablamalar var: ?Sadəcə olaraq, Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasəti həyata keçirən orqan olmadığına görə, qiymət barədə bir söz deyə bilmərəm. Lakin çörəyin qiymətinin aşağı düşməsi yaxın zamanlarda olacaq?.