ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) növbəti bəyanat yayıb. Bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib. Bəyanatda bildirilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Lüksemburqda görüşəcəklər. ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 25-27-də görüşdə iştirak etmək üçün bu şəhərdə səfərdə olacaqlar. Burada həmsədrlərin noyabr ayında Bakı və İrəvana səfərinin planı və ATƏT-in Nazirlər Şurasının 2009-cu ilin dekabrında keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrə hazırlıq barədə fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, oktyabrın 26-da Lüksemburqda Avropa Birliyi XİN başçılarının toplantısı keçiriləcək. Bu görüş oktyabrın 29-30-da keçiriləcək Avropa Birliyi ölkələrinin dövlət başçılarının toplantısına hazırlıq məqsədi daşıyır. Oktyabrın 26-da Lüksemburqda Ermənistan, Azərbaycan və Gürcüstan XİN başçıları arasında görüşün keçiriləcəyi də nəzərdə tutulub.