Ermənistan nümayəndə heyəti Bakıya gələcək. Ermənistan təmsilçiləri oktyabr ayının 22-də Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirak edəcək. Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayanın verdiyi məlumata görə, nümayəndə heyətinə Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan rəhbərlik edəcək. Qeyd edək ki, aprel ayının 16-da İrəvanda QİƏT xarici işlər nazirlərinin 20-ci toplantısı keçirilmişdi. Burada təşkilata rəhbərlik altı ay ərzində Ermənistandan Azərbaycana verilmişdi. Xatırladaq ki, QDİƏT-ə Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldava, Rumıniya, Rusiya, Serbiya və Çernoqoriya, Türkiyə və Ukrayna daxildir. Təşkilatda müşahidəçi ölkələr isə Avstriya, Belorus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa, Slovakiya və Amerika Birləşmiş Ştatlarıdır.