Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Mədəniyyət və İrs Naziri Hamad əl-Kavarini qəbul edib. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Hamad əl-Kavari Bakı iştirak etdiyi İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirlərinin altıncı konfransının işini yüksək qiymətləndirərək, belə tədbirlərin ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına gözəl şərait yaratdığını deyib. Qətər Dövləti ilə Azərbaycan arasında sıx əlaqələrin mövcudluğunu qeyd edən qonaq, mədəniyyətin xalqlarımızın bir-biri ilə daha yaxın olmasında xüsusi rol oynadığını da vurğulayıb. Öz növbəsində nazir E.Məmmədyarov iki ökə arasında siyasi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu və bu vəziyyətin digər, o cümlədən iqtisadiyyat, mədəniyyət sahələrinə şamil edilməsi vacibliyini deyib. Mədəniyyət, adət-ənənələr xalqları birləşdirən amillərdən biri olduğunu söyləyən Nazir islam ummasında bu sahədə birlik nümayiş etdirilməsi zəruriliyini də vurğulayıb. Sonra tərəflər Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində, həmçinin beynəlxalq aləmdə cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıb.