Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı daxili işlər naziri Ramil Usubova məktubla müraciət edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası mətbuat xidmətindən daxil olub. Müraciətdə qeyd olunur ki, oktyabrın 13-də gənclər təşkilatları və müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbə-gənclər Bakı Metropolitenində qiymətlərin qaldırılmasına görə birgə etiraz aksiyası keçiriblər, ancaq təzyiqə məruz qalıblar: ?Aksiya zamanı asayiş keşikçilərinə müqavimət göstərməməyimizə baxmayaraq, polisin müdaxiləsinə və mülkü geyimli şəxslərin hücumuna məruz qalmışıq. Bu xoşagəlməz olay həm aksiya zamanı, həm də aparıldığımız Yasamal rayonu 27-ci polis bölməsində davam edib. Bölmədə əsasən bölmə rəisi Akif Nəbiyev və mülki geyimli şəxslər tərəfindən təhqirlərə və zorakılığa məruz qalmışıq, baş və bədən nahiyəmizdən müxtəlif dərəcəli ağır zərbələr almışıq. Ombudsman Aparatından gələn mütəxəssislər də gənclərin üzərindəki zədələri qeydə alıblar. İki dəfə təcili yardım çağırılsa da, 27-ci polis bölməsinin rəisi Akif Nəbiyevin göstərişiylə həkimlər bölməyə buraxılmayıblar?. Sonda daxili işlər nazirindən məsələnin araşdırılaraq, səlahiyyət həddini aşmış polislərin və onlara rəhbərlik edən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını təmin etmək xahiş olunub.