Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların liderləri saat 16.00-da Müsavat Partiyasının qərargahında bir araya gələcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hərəkatın bugünkü iclasında əsasən qurum daxilindəki narazılıq müzakirə olunacaq. Qeyd edək ki, iki həftəyə yaxındır ki, hərəkata daxil olan Müsavat Partiyası ilə Ümid Partiyası arasında gərginlik yaranıb. Belə ki, Müsavatın Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrinin geri çağırılması təklifi qarşı tərəfdən qəbul olunmur. Bu səbəbdən də Müsavat Ümidlə qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirakı mümkün saymır. Hərəkat liderlərinin bugünkü toplantıda bu narazılığa son qoymaq üçün yekun qərar veriləcək. Aldığımız məlumata görə, tərəflər güzəştə getməsə, hərəkat parçalana bilər.