Dünən Tarif Şurası metropolitendə qiymətin 3 dəfə artırılması, yəni gediş haqqının qiymətinin 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul edib. Artıq oktybar ayının 1-dən etibarən bu qərar qüvvəyə minib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası Tarif Şurasının bu qərarını qətiyyətlə pisləyir, hakimiyyətdən xalqın ağır güzəranını nəzərə almağı və qiymətlərin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir: ?Bu qərar ölkə vətəndaşlarına, xüsusilə əhalinin aztəminatlı hissəsinin sosial durumuna ciddi zərbə olduğu üçün narazılıqla qarşılanıb. Sosial-iqtisadi durumun gündən-günə pisləşdiyi bir şəraitdə əhalinin, xüsusilə aztəminatlı hissəsinin ən çox istifadə etdiyi nəqliyyat növü olan metroda qiymətlərin birdən-birə 3 dəfə artırılması, rəsmi səviyyədə soyğunçuluq siyasətinin növbəti dalğasıdır. Tarif Şurasının bu qərarı əhalinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirəcək?.