?Avropa İttifaqı (Aİ) Azərbaycanı özünün enerji təhlükəsizliyinin təmin edilməsi baxımından əsas tərəfdaşı hesab etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallıq nümayiş etdirməlidir. Münaqişənin həllində birbaşa rolu olmayan Aİ özünü Minsk prosesinə inteqrasiya etməlidir?. Bu fikir ?Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və sabitlik? mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Belçikadan olan briqada generalı Patrik Nopens tərəfindən səsləndirilib. P.Nopens bildirib ki, Aİ Qərbi Balkanlardakı təcrübəsini Dağlıq Qarabağa münasibətdə də tətbiq edə bilər. Avropa ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən general, Dağlıq Qarabağ münaqişəsinin həllinin Avropada sabitliyin tam şəkildə bərqərar edilməsi baxımından vacibliyini vurğulayıb. O bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarları yerinə yetirməlidir. Azərbaycanın NATO ilə də yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən P.Nopens deyib ki, rəsmi Bakı həm alyansın bir çox proqramlarında fəal şəkildə iştirak edir, həm də Əfqanıstan və İraqdakı sülhməramlı əməliyyatlara əsgəri qüvvəsi ilə öz töhfəsini verir.