Qarabağ və Respublika Uğrunda Hərəkat bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlığını yekunlaşdırıb. Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, yaxın günlərdə layihə aidiyyatlı dövlət qurumlarına təqdim olunacaq. O, bələdiyyə seçkilərinə kimi qanunu bu dəyişikliklərin edilməsinin vacib olduğunu bildirib. Partiya sədrinin fikrincə, hökumət bunu edərsə, ilk dəfə olaraq demokratik seçki keçirmək mümkün olacaq. Müxalifətin hazırladığı layihədə indiyə qədər seçkilərinə fərqli keçirilməməsinin səbəblərini aradan qaldıran, həm təşkili, həm seçkiqabağı şəraitlə bağlı olan qüsurların aradan qaldırılması öz əksini tapıb: ?Əslinə baxanda biz təkliflərimizdə beynəlxalq ictimaiyyətin rəyi əsas götürülüb. Yəni indiyə qədər beynəlxalq ictimaiyyət seçki komissiyalarının paritet əsasları təşkil olunması təklifini irəli sürüb. Sadəcə olaraq bu paritetin nədən ibarət olması məsələsində aydınlıq yoxdur. Əslinə baxanda, iqtidar da sözdə özünü paritetin tərəfdarı kimi göstərir. İqtidar paritet deyəndə hakimiyyət, müxalifət və bitərəfləri nəzərdə tutur. Biz isə Azərbaycanda real bitərəf olmadığına görə, iqtidar və müxalifət arasında paritetin müəyyənləşməsini və bu zaman da müxalifət və iqtidar dedikdə nə nəzərdə tutulur bunları aydınlaşdırmışıq. Yəni paritet deyəndə bitərəflər nəzərdə tutulmalıdır. Bunu iqtidar da və beynəlxalq təşkilatlar da bilir, amma iqtidar hər dəfə bu məsələ ortaya çıxanda bitərəfləri də paritetin tərəfi kimi göstərir?. Layihədə Mərkəzi Seçki Komissiyasında olan 18-in 9-nun iqtidara, 9-nun isə müxalifətə verilməsi təklif olunur.