Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-dən 27-dək ABŞ-da səfərdə olacaq. Nazir BMT Baş Məclisinin Nyu-Yorkda keçiriləcək 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Məmmədyarovun Baş Məclisdə çıxışı, eləcə də xarici həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub. BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, ?GUAM+ABŞ?,?GUAM+Yaponiya? və ?GUAM+Polşa? formatında görüşlərin keçiriləcəyi gözlənilir. BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib. Bu məsələlər BMT Baş Məclisinin 63-cü sessiyasının gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunub.