ABŞ-ın dövlət katibi ATƏT-in Minsk qrupunun yeni həmsədri vəzifəsinə Robert Bradtkenin təyinatını elan edib. Bu barədə məlumatı Dövlət Departamentinin rəsmi internet saytı yayıb. Məlumata görə, Robert Bradtkenin 36 illik diplomat təcrübəsi və Avropa təhlükəsizlik siyasətində xüsusi bilikləri var. O, bu ilin iyuluna qədər üç il ərzində Xorvatiyanın paytaxtı Zaqrebdə Amerika diplomatik missiyasına rəhbərlik edib. Buna qədər - 2001-2004-cü illərdə isə Robert Bradtke Avropa və Avrasiya işləri üzrə dövlət katibi yardımçısının NATO və ATƏT işləri üzrə müavini olub. Dövlət Departamentinin məlumatında qeyd olunur ki, ABŞ Dağlıq Qarabağ münaqişəsində sülh həllinin vacibliyini anlayır: ?Biz Ermənistan prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyev arasında bu yaxınlarda başlanan müsbət dialoqu dəstəkləyirik?. Sənəddə o da göstərilir ki, dövlət katibi Hillari Klinton hər iki prezidentə ATƏT-in Minsk Qrupunun səylərinin nəticə verəcəyinə ümid etdiyini bildirib və Barak Obama administrasiyasının bu məqsədə nail olmaq üçün əlindən gələni etmək əzmində olduğunu deyib. Dövlət Departamentindən bildirilib ki, Robert Bradtke yaxın həftələrdə regiona səfər edəcək. Xatırladaq ki, Amerikanın ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr vəzifəsini indiyədək Metyu Brayza tuturdu.