?Referendumda prezidentliyə qoyulmuş iki müddətli məhdudiyyətin aradan qaldırılması məsələsində hakimiyyətin yanında olan şəxslərin indi özlərini müxalifət adlandırması mənə qəribə görünür. Təbii ki, onları müxalifət kimi qəbul etmək olmaz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı BQP sədri Fazil Qəzənfəroğlu ilə ALDP sədri Fuad Əliyevin müxalifətin bələdiyyə seçkilərində uğur qazana bilməməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. A.Hacılı bildirib ki, həm F.Qəzənfəroğlu, həm F.Əliyev özlərini nahaq yerə müxalifət üzrə ekspert hesab edirlər, çünki onların müxalifətə aidiyyatı yoxdur: ?Konstruktiv müxalifət dedikdə söhbət yəqin ki, hakimiyyətin onlara ayıracağı yerlərdən gedir. Yəni onlar seçkidə hansısa uğur qazana bilməzlər. Azərbaycanın həqiqi müxalifət qüvvələrinin isə bu seçkilərdə real uğur qazanması üçün əsasları var. Çünki Azərbaycanın regionlarında Müsavat və digər partiyaların kifayət qədər nüfuzlu nümayəndələri var. Yalnız seçki saxtakarlığı bu məsələdə müxalifət nümayəndələrinə problemlər yarada bilər?.