Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan Gürcüstan Respublikasına səfərindən geri döndükdən sonra aparıcı müxalifət partiyaları ilə görüş haqqında partiya Siyasi Şurasının qərarına uyğun olaraq ilk görüşünü Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, KXCP qərərgahında baş tutan görüşdə ölkədəki ictimai-siyasi durum, Qarabağ və işğal olunmuş digər ərazilər ətrafında aparılan təslimçi sülh danışıqları, milli maraqlara uyğun olmayan Madrid prinsiplərinə etiraz xarakteri daşıyacaq sentyabr mitinqi və müxalifətin birliyinə nail olma perspektivləri barədə müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə MQP Mətbuat Xidmətinə məlumat verən MQP başqanı Vüqar Bəyturan KXCP lideri ilə əsas istiqamətlər üzrə fikir müxtəlifliklərinin olmadığını bildirib. MQP lideri partiyasının sentyabrda keçirilməsi nəzərdə tutulan Qarabağ mitinqində iştirak edəcəyini və KXCP ilə ümummilli məsələlər ətrafında əməkdaşlığa hazır olduqlarını Mirmahmud Mirəlioğlunun nəzərinə çatdırıb. KXCP sədri öz növbəsində MQP-nin mövqeyini təqdir etdiyini bildirib və tərəflər bu cür görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.