?Mən artıq bu cür fikirlərə şərh vermək istəmirəm. Kim nə deyir desin, özü bilər. Hər kəsin öz fikri var. Mənim isə bu fikirlərə münasibət bildirməyə həvəsim yoxdur. Münasibət bildirəndə də hərə bir tərəfə yozur. Ona görə də danışmıram?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının yeni sədri Vaqif Mahmudov Zəminə Dünyamalıyevanın ittihamlarına cavab verərkən deyib. V.Mahmudov bildirib ki, Z.Dünyamalıyevanın dediklərinin heç bir əsası yoxdur: ?Mən əvvəllər də demişəm ki, Zəminə Dünyamalıyeva İdarə Heyətinin iclaslarında, rəhbərliyin toplantılarında iştirak etməyib. Özü də rəhbərlikdə təmsil olunmur. O heç bilmir ki, partiya hansı işləri görür. ACP öz işi ilə məşğuldur. Sadəcə, hələlik yay fəsli olduğundan fəaliyyətə bir qədər ara verilib?. ACP-nin İdarə Heyətinin toplanacağı təqdirdə partiyanın fəaliyyətinə xitam verilməsinə gəlincə, V.Mahmudov bildirib ki, İdarə Heyəti toplanacaq və partiyanın fəaliyyətinə xitam verilməyəcək. Sonda partiya sədri onu da nəzərə çatdırıb ki, ACP-nin partiya kimi fəaliyyət göstərə bilməyəcəyini deyənlər yanılırlar.