Ölkədə ipoteka kreditləşməsinin bərpasından keçən iki ay ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 1200-dən artıq, güzəştli ipoteka krediti almaq üçün isə 150-yə yaxın vətəndaşın rəsmi müraciət ərizələri qəbul edilib. İpoteka Fondunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 51 milyon manatdan çoxdur. Bu məbləğin 5 milyon manata yaxını güzəştli ipoteka krediti almaq istəyən vətəndaşların müraciətləridir. İyun və iyul ayları ərzində müraciət edən vətəndaşların 400-dən çoxu ipoteka kreditlərindən faydalanıb. Verilmiş kreditlərin ümumi həcmi isə 17 milyon manatdan artıq olub. Yalnız iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 milyon manat təşkil edib.