ATƏT-in Minsk qrupunun həmsədrləri Krakovda keçirilən görüşündə Madrid təkliflərinin yenilənmiş versiyasını hazırlayıblar. Bunu "Azadlıq" radiosuna qrupun amerikalı həmsədri Metyu Brayza bildirib. O qeyd edib ki, bu yenilənmiş təkliflər münaqişənin həllinə dair baza prinsiplərinin hazırlanmasını yekunlaşdırmağa imkan verir. Amerikalı diplomat həmçinin həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda MDB dövlət başcılarının Kişinyovda keçiriləcək sammitində görüşəcəyinə ümüd etdiklərini bildirib. Qeyd edək ki, ötən gün "Armenpress" agentliyinə məlumat verən fransalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını özündə əks etdirən Madrid prinsipləri haqqında sənədin hələ tam hazır olmadığını bildirmişdi. Onun sözlərinə görə, müzakirələr aparmaq üçün həmsədrlər hələ bir neçə işçi görüş keçirməlidir. Xatırladaq ki, dünən Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi görüşü keçirilib. Görüşdə ABŞ, Rusiya və Fransa prezidentlərinin ?Böyük səkkizlik? liderlərinin İtaliyanın Akvil şəhərində keçirilmiş toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdikləri birgə bəyanatına uyğun olaraq, ?Madrid prinsipləri?nin yenilənmiş versiyasının hazırlanması məsələləri müzakirə olunub.