Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan partiyalar qarşıdan gələn bələdiyyə seçkilərində fəallıq nümayiş etdirməyəcək. Bu fikirləri DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc ?Bakı Xəbər? qəzetinə açıqlamasında səsləndirib. Amma DUİ-nin digər rəhbərləri onunla eyni fikirdə deyil. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-nin təsisçilərindən olan, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib ki, İttifaqın bələdiyyə seçkilərində iştirak haqqında qərar var. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən işlər aparılır: ?Düzü, mən Əhməd Orucun açıqlaması ilə tanış deyiləm. Ola bilsin ki, Əhməd Oruc seçki hazırlığının yüksək səviyyədə olmadığına görə belə bir fikir işlədib. Bizim qərarımız bələdiyyə seçkilərindən iştirak etməkdən ibarətdir. Yəqin ki, sentyabrdan başlayaraq, proses aktiv mərhələyə daxil olacaq?. Namizəd məsələsinə gəlincə, P.Hüseyn deyib ki, hələlik bu istiqamətdə işlər gedir, konkret sözü isə seçki ərəfəsində demək mümkün olacaq.