Yüzə yaxın sahibkar Lənkəranda etiraz əlaməti olaraq, magistral yolu kəsib. Bu barədə Müstəqil İnformasiya Agentliyinin Cənub bölgəsi üzrə müxbiri məlumat verib. Verilən məlumata görə, yüzə yaxın sahibkar Lənkəranda yerləşən konserv zavoduna yüzdən çox yük avtomobili ilə pomidor aparıblar. Amma zavod gətirilən məhsulu qəbul etmək istəmir. Buna səbəb kimi zavod rəhbərliyi ilə sahibkarların qiymətdə razılaşmaması göstərilir. Belə ki, zavod rəhbərliyi məhsulu daha ucuz qiymətə qəbul edəcəyini bildirib. Sahibkarlar isə bu təkliflə razılaşmadıqları üçün məhsulu zavoda təhvil verməkdən imtina edib və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün Lənkərandakı magistral yolu bağlamaq qərarına gəliblər.