Azərbaycan Milli İstiqlal Partityasının (AMİP) baş katibi Fuad Muxtarov Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin müşaviri, cənab Hyu Şyçyanla görüşüb. AMİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Çinin Sincan-Uyğur muxtar rayonunda baş verən hadisələr və həmin proseslərin gedişi olub. Diplomat AMİP-in Çində yaşanan son olaylara həssaslıqla və diqqətlə yanaşmasından məmnunluğunu ifadə etməklə yanaşı, baş verənlər haqda geniş məlumat verib, AMİP-in etirazını və narahatlığını anlayışla qarşıladıqlarını söyləyib. F.Muxtarov isə öz növbəsində uyğurlara qarşı həyata keçirilən kütləvi repressiya və qətllərdən hiddətləndiklərini bildirərək, bunun xalqlar və müxtəlif mədəniyyətlər arasındakı münasibətlərə ciddi xələl yetirəcəyini söyləyib. Görüş zamanı iyulun 16-da AMİP-in Çin səfirliyi qarşısında keçirəcəyi piketin qətnaməsi diplomata təqdim edilib. Görüşdə AMİP mətbuat və təbliğat katibi Əli Orucov da iştirak edib.