İyul ayının ilk 10 günü ərzində daha 60 nəfərə ipoteka krediti verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İpoteka Fondunun Mətbuat xidmətindən məlumat verilib. Beləliklə, ipotekə kreditləşməsinin bərpa olunduğu tarixdən-iyunun 1-dən bəri ölkədə ümumilikdə 80 nəfər 3,6 milyon manat məbləğində ipoteka krediti alıb. İpoteka Fondundan bildirilib ki, ipoteka kreditləşməsi bərpa olunduqdan sonra müvəkkil kredit təşkilatlarında kredit almaq arzusunda olan 900-ə yaxın vətəndaşın müraciəti qəbul olunub. Bu müraciətlərin ümumi həcmi 40 milyon manata yaxındır. Qeyd etmək lazımdır ki, güzəştli ipoteka kreditlərinin verilməsinin bərpasından 1 aydan da az vaxt keçməsinə baxmayaraq bu növ kredit almaq istəyən 100-ə yaxın vətəndaşın rəsmi müraciətləri banklara daxil olub. Güzəştli ipoteka üzrə daxil olmuş müraciətlərin ümumi həcmi 3 milyon manatdan çox olub. Fonddan deyiblər ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ölkədə ipoteka kreditləşməsi prosesi tədricən intensivləşir və növbəti həftələrdə bu prosesin daha sürətlənəcəyi ehtimal olunur.