Belarusun Minsk şəhərində Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun heykəli ucaldılıb. Müstəqil İnformasiya Agentliyinə bu barədə xalq artisti, tanınmış xanəndə Canəli Əkbərov məlumat verib. Qeyd edək ki, qəhrəmanın heykəlinin açılış mərasimi iyul ayının 5-də olacaq. C.Əkbərovun sözlərinə görə, bu heykəlin ucaldılmasında Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyevin xidmətləri böyükdür: ?Belarusdan dəvət almışam. O tədbirə səfir Əli Nağıyev tərəfindən dəvət olunmuşam. Həmin heykəlin açılışında mən öz tryomla çıxış edəcəm. Bundan başqa, tələbəm Həlimə Veysova da tədbirdə işitrak edəcək. Açılış mərasimi başa çatdıqdan sonra böyük bir konsert düzənlənəcək. Konsertdə Azərbaycanı biz təmsil edəcəyik?. Xalq artistinin sözlərinə görə, nəzərdə tutulan tədbir başa çatdıqdan sonra o, cənab səfirin qonağı da olacaq. Qeyd edək ki, xalq artisti sözügedən tədbirdə iştirak etmək üçün bu gün Belarusa yola düşüb. İyulun 6-da isə Bakıya qayıdacaq.