Bu gün Milli Məclisin iclasında cari məsələlərin müzakirəsi zamanı müxalifətçi deputatlar - Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat deputat qrpunun üzvü Pənah Hüseyn təhsil sahəsindəki problemlərdən danışıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, çıxış edən deputat İqbal Ağazadə təhsil sistemindəki problemlərdən söz açaraq, orta ümumtəhsil məktəblərində rüşvətxorluq hallarının olmasına toxunub. Deputat deyib ki, hazırda orta məktəblərdə rüşvət hallarının artması, təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olub. Pənah Hüseyn isə çıxışında deputat həmkarının fikirlərini dəstəkləyərək, təhsildəki problemlərdən danışıb. P.Hüseyn orta məktəb məzunlarının buraxılış imtahanları zamanı rüşvət halları ilə üzləşdiyini, attestatların verilməsində ciddi problemlərin olduğunu deyib. Deputat təhsillə bağlı hazırda yaranan problemlərin aradan qaldırılması üçün lazımi addımların gecikdirilmədən atılmasının vacibliyini də vurğulayıb.