Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev yaradıcılığının 45 illik yubileyi ilə bağlı hesabat konserti ilə çıxış edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən tarzənin sözlərinə görə, sözügedən konserti Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. ?Bu konsert 45 ilin hesabatı olacaq. 1964 ?cü ildə ilk dəfə çıxdığım səhnəyə, şükürlər olsun ki, yenə gedib gələ bilirəm. Bu müddət ərzində getmədiyim rayon və çıxmadığım səhnə qalmayıb. Xarici ölkələrdə verdiyim konsertlər isə Azərbaycan musiqisinin təbliğinə yönəlib. Çox düşündüm ki, bu konsertlə Azərbaycan xalqına hesabat verim ki, 45 ildə hansı işlərlə məşğul olmuşam?,- deyən tarzən bildirdi ki, bu gecənin təşkilində ona Mədəniyyət və Turizm Nazirliyi dəstək verəcək. R.Quliyevin sözlərinə görə, Filarmoniyada baş tutacaq konsertdə oğlu Əyyub Quliyev də iştirak edəcək. Sənətkar bildirdi ki, bu, ata ilə oğulun Azərbaycanda ilk solo-konserti hesab ediləcək: ?İlk dəfə olaraq konsertdə dirijor-solist kimi iştirak edəcəyik. Biz Əyyubla xarici ölkələrdə tez-tez çıxış edirik. Amma Azərbaycanda bizim belə bir konsertimiz olmayıb. Dirijor-tar dueti unudulan və yaddan çıxan əsərləri gündəmə gətirəcək. Həm də eyni zamanda sürpizlər olacaq. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır?. Xatırladaq ki, konsert 19 iyunda reallaşacaq.