Bu gün Yeni Azərbaycan Partiyası ?Hyatt Regency-Naxçıvan? mehmanxanasında 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ?Qurtuluşdan başlanan yol? adlı konfrans keçirib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana mərhum president Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edərək bildirib ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir: ?Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi?. Hazırda Azərbaycanın dünyada davam edən maliyyə-iqtisadi böhrana baxmayaraq inkişaf etməsinin məhz Qurtuluş günü ilə başlamasını vurğulayan Əli Əhmədov, həmin siyasətin bu gün prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.