Azərbaycan Türkiyəyə qaz satışı ilə əlaqədar danışıqları davam etdirir. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hökumət çalışır ki, Azərbaycan qazını mövcud bazar qiymətinə satsın. ?Qaz alan onu ucuz almaq, satan isə baha satmaq istəyir. Burda konsensus yer almalıdır?, - deyə N.Əliyev qeyd edib. Onun sözlərinə görə, danışıqların nəticələri ilə bağlı hələ ki, heç bir söz demək olmaz. Xatırladaq ki, Azərbaycanın "Şahdəniz" qaz yatağının işlənməsinin I mərhələsinin əsas alıcısı Türkiyədir. Qarşılıqlı razılaşma əsasında indiyə kimi Türkiyə Azərbaycandan qazın hər min kub metrini 120 dollardan alırdı. Hazırda qazın Türkiyəyə bazar qiymətlərinə satılması ilə bağlı danışıqlar aparılır. "Şahdəniz" yatağının II mərhələsinin işlənməsinə qərar verilməsi isə hər iki ölkə arasında qazın Avropaya ixrac edilməsi ilə bağlı əldə ediləcək razılaşmadan, dolayısı ilə NABUKKO layihəsindən asılıdır. Nazir həmçinin "Botaş" nümayəndəsinin neftin qiymətinin Bakı-Tiflis-Ceyhan neft kəmərinin səmərəliliyinə təsir etməsi ilə bağlı sözlərinə münasibət bildirib. N. Əliyev qeyd edib ki, BTC neft kəmərinin neftin qiymətinə aidiyyatı yoxdur. Onun sözlərinə görə, hər bir ölkə, yəni Türkiyə və Gürcüstan tranzit haqqı alır və bu zaman "Botaş"ın Turkiyə hissəsindən istifadəyə görə xərclər ödənilir. N. Əliyev bildirib ki, hər bir dövrdə neftin 1 barelinə müvafiq ödəniş var. Neftin qiymətindən asılı olmayaraq, bu ödəniş də edilir.