Bu gün Müsavat Partiyasın Divanının növbəti iclası keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlunun sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari məsələlərə baxılıb. Müsavat yetkilisinin sözlərinə görə, Divanda Azərbaycan-Ermənistan prezidentlərinin görüşü də müzakirə mövzusu olub: ?Divan üzvləri hesab etdilər ki, ölkə başçılarının bu görüşü hansısa müsbət irəliləyişin əldə olunmasına hesablanmayıb. Sadəcə, görüş imitasiyası yaratmaq və proseslərin Rusiyanın nəzarəti altında olmasını göstərmək üçün bu cür görüşlər keçirilir. Bundan əlavə, bilirsiniz ki, bu gün 30 apreldə Neft Akademiyasındakı terror aktı zamanı həlak olanların 40-cı günü idi. Divanda onların ailələrinə bir daha başsağlığı verilib. Bu günə kimi terrorrun motivi barədə konkret olaraq, ictimaiyyətə hər hansı bir məlumat verilməyib. Toplantıda da hakimiyyətdən tələb olunub ki, baş verən qanlı olayın detalları barədə ictimaiyyəti bilgiləndirsin?. M.Cavadoğlu onu da qeyd edib ki, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr davam etdirilib və müvafiq strukturlara tapşırıqlar verilib.