Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Ermənistanın bu ölkədəki səfiri ilə birgə Dağıq Qarabağa səfər etmək niyyətini pisləyən bəyanat yayıb. Qurumun mətbuat xidmətindən mia-ya daxil olan bəyanatda bu cür addımların Ermənistanın maraqlarına, onun işğalçı hərəkətlərinə bəraət qazandırılmasına xidmət etdiyi bildirilir. QAT Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilmək istəmədiyi, əksinə həmin əraziləri talan edib yandırdığı, nümayişkaranə şəkildə hərbi təlimlər keçirdiyi bir vaxtda belə bir addımın məntiqsiz olduğunu vurğulayıb: ?Polad Bülbüloğlunun bu təşəbbüsdə israr etməsi ciddi sual və narahatlıq doğurur, onun rus və erməni siyasətinin alətinə çevrilməsinə dair haqlı şübhələr yaradır. Azərbaycan hökuməti P.Bülbüloğlunun fəaliyyəti ilə bağlı araşdırma aparmalı, onun tutduğu vəzifəyə uyğun gəlib-gəlməməsi ilə əlaqədar məsələyə yenidən baxmalıdır".