Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev adına Beynəlxalq hava limanında onu baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. AzərTAc-ın məlumatına görə, hava limanının ali qonaqlar üçün salonunda M.Saakaşvili və Y.Eyyubov arasında qısa protokol görüşü olub. İki gün davam edəcək səfər zamanı tərəflər arasında 3 sənədin imzalanması gözlənilir. "İnterfaks-Azərbaycan" agentliyinin yaydığı məlumata görə, sənədlərdən biri, 1996-cı ildə imzalanmış azad ticarət haqqında, digəri isə hava əlaqəsi haqda hökumətlərarası sazişə düzəlişlərdir. 3-cü sənəd isə intellektual mülkiyyətin qorunması ilə bağlı müqavilədir. Bu səfərdə Gürcüstan prezidentini ölkənin bir sıra rəsmi şəxsləri, o cümlədən də xarici işlər naziri Qriqol Vaşadze və enerji naziri Aleksandr Xetaquri müşayiət edəcək.