?İstənilən hakimiyyətin uzun ömürlü olması, dəyişilməməsi demokratiyadan uzaq məsələdir. Demokratik cəmiyyətlərdə hakimiyyət də, bütövlükdə cəmiyyət də mütəmadi dəyişilir. Təbii ki, totalitar rejimlərdə, monarxiyalarda, diktaturalarda bu prinsiplər aradan götürülür, hakimiyyət ?özləlləşdirilir?. Bütünlükdə qeyri-qanuni yollarla əldə edilmiş uzun müddətli hakimiyyət xalqın boğazına keçirilmiş xalta rolunu oynayır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bir qrup deputatın baş prokurorun və ombudsmanın vəzifə müddəti ilə bağlı məhdudiyyətin götürülməsi təklifinə münasibət bildirərkən deyib. ADP sədrinin sözlərinə görə, belə çağırışlar demokratiyaya qarşı üsyandır: ?İlham Əliyevlə bağlı Konstitusiyada edilən dəyişiklikləri başa düşdük. Hakimiyyət belə hesab edir ki, İlham Əliyev həqiqətən də Azərbaycanda islahatlar aparıb. Bəs, baş prokuror, ombudsman və digər hakimiyyət təmsilçiləri hansı əsaslara görə vəzifədə ömürlük qalmalıdırlar? Ümumiyyətlə, heç bir cəmiyyətdə əvəzedilməz şəxsiyyətlər yoxdur. Yalnız totalitar cəmiyyətlərdə şəxsiyyətin əvəzedilməzliyi qəbul edilir ki, bu da anti-demokratikdir. Ona görə də mən bunu demokratiyaya qarşı növbəti hücum hesab edirəm?. S.Cəlaloğlu onu da vurğulayıb ki, əgər baş prokurorun və ombudsmanın, o cümlədən digər hakimiyyət təmsilçilərinin məhdudiyyətsiz vəzifə müddəti təsdiqlənəcəksə, Azərbaycan qaranlıq gələcəyə doğru gedəcək.