Müxalifətin aparacı partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının iclası gecikir. Qeyd edək ki, ötən həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfəri və bir sıra texniki məsələlərlə bağlı hərəkat liderlərinin görüşü təxirə salınmışdı. Növbəti görüşün bu həftə keçiriləcəyi bildirilsə də, toplantının nə zaman reallaşacağı məlum deyil. Qarabağ və Respublika Uğrunda Hərəkatın təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müstəqil İnformasiya Agentliyinə hələlik liderlərin görüşmədiyini bildirib. S.Cəlaloğlu dəqiq vaxt deməsə də, yaxın müddətdə birləşmiş müxalifət liderlərinin bir araya gələcəyini deyib. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Müsavat, ADP, AXCP, ALP, VİP və Ümid Partiyası təmsil olunur.