Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək barədə qərar qəbul edib. KXCP sədri Mirmahmud Mirəlioğlunun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, qərar Ali Məclisin ötən gün keçirilən iclasında verilib. M.Mirəlioğlu bildirib ki, KXCP-nin yerli təşkilatlarına bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi, seçki hazırlıqlarının başlanması barədə tapşırıq verilib: ?Ancaq seçkidə iştirak forması ilə bağlı hələlik konkret qərar verilməyib?. Mirmahmud bəy Ali Məclisin iclasında KXCP-nin II qurultayının keçirilməsi qərar verildiyini nəzərə çatdırıb: ?Bununla bağlı da rayon təşkilatlarına və qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə konfransların keçirilməsi, qurultay nümayəndələrinin müəyyənləşdirilməsi tapşırığı verilib?. KXCP sədri onu da deyib ki, rayon təşkilatlarının 40-50 faizi konfransı keçirəndən sonra qurultay günü müəyyənləşəcək. Qeyd edək ki, Ali Məclisin iclasında 28 May - Respublika Günündə Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə tədbirin keçirilməsi, AXC-nin yaranmasının 20 illiyi ilə bağlı tədbirlər planının hazırlanması da qərara alınıb.