?Böyük güclər Qarabağ münaqişəsinin həlli istiqamətində görüntü yaradırlar. Konkret addım atılmır. Bu mənada münaqişənin həlli ilə bağlı tez bir vaxtda önəmli irəliləyişin olacağını gözləmirik?. Bu fikirləri mia.az-a Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son danışıqlara münasibət bildirərkən deyib. ?Münaqişə tərəflərinə rəhbərlik edən iqtidarların xalqdan çox güc ölkələrindən asılı olmasından yana deyə bilərəm ki, Praqa görüşü kimi, prezidentlərin Sankt-Peterburq görüşünün də müsbət nəticəsi olmayacaq? - deyən AİDP sədrinin fikrincə, iqtidarların müstəqil olmaması onların qəti addımlar atmasına imkan vermir. AİDP sədrinin sözlərinə görə, danışıqların intensivləşməsinin bir səbəbi də güc ölkələrinin Azərbaycandan nəsə qoparmaq niyyətinə söykənib: ?Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı şəhərlərdə, gah ABŞ, gah da Rusiya səfirliklərində baş tutan görüşlər görüntüdən başqa bir şey deyil. Güc ölkələri danışıqlarda müsbət irəliləyişlərin olması, yaxud olacağı, hətta bəzi rayonların işğaldan azad ediləcəyi ilə bağlı dövriyyəyə məharətlə məlumat buraxaraq müəyyən layihələrin razılaşdırılmasına nail olmağa çalışırlar. Belə layihələrdən biri də ?Nabucco?dur. Rusiya tərəfi bu layihənin baş tutmamasını, ABŞ və Qərb isə baş tutmasını istəyir. Ona görə də Qarabağ münaqişəsinin güya həlli istiqamətində irəliləyişlər olacağını deyirlər?.