İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti sement bazarında saxta və satışa yararsız məhsulların dövriyyədən çıxarılması məqsədilə monitorinqləri davam etdirir. Dövlət Xidmətinin Şirvan şəhərində keçirdiyi keyfiyyətə nəzarət tədbiri zamanı şəhərin 1 May küçəsində yerləşən və fiziki şəxs Tofiq Abdulova məxsus sement satışı obyektində ümumi çəkisi 35,5 ton olan 710 kisə mənşəyi məlum olmayan sement aşkar olunub. Müəyyən edilmiş mənşəyi məlum olmayan sement dövriyyədən çıxarılıb və keyfiyyətinin yoxlanılması üçün götürülmüş nümunə laborator müayinəyə təqdim olunub. Dövlət Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qurumun bu ilin ötən dövründə sement bazarında keçirdiyi nəzarət tədbirləri zamanı 535 tona yaxın saxta, mənşəyi məlum olmayan sement aşkar olunaraq satışdan çıxarılıb.