Bu günlərdə ABŞ-dan qayıdan xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov yenə səfərə hazırlaşır. Xanəndə səfərə qızı Fərqanə Qasımova ilə gedəcək. Bu barədə MİA-ya Fərqanə xanım məlumat verib. Deyib ki, bu səfər may ayında reallaşacaq. Fransadan başlanan səfər 20 gün davam edəcək. Nəzərinizə çatdıraq ki, onların yaxın günlərdə yeni diski də işıq üzü görəcək. Bu disk isə onların ABŞ səfərini əhatə edəcək: ?Biz ABŞ-da yeni bir layihə - dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun ?Leyli və Məcnun? tamaşası ilə çıxış etdik. Həmin tamaşa ABŞ-ın bir neçə şəhərində, özü də 3 mindən yuxarı tamaşaçısı olan zallarda nümayiş etdirildi. Heç kəs zalı tərk etmək istəmirdi. Çalışırdılar ki, bizi yenidən səhnəyə çıxarsınlar?. Alim və Fərqanə Qasımovalar Azərbaycandakı tamaşaçılarını da yaddan çıxarmaq fikrində deyillər. Ona görə də cütlük paytaxtın ən böyük mədəniyyət ocaqlarından birində konsert proqramı ilə çıxış etmək fikrindədir. Amma bu konsertin vaxtı hələlik dəqiqləşməyib.