Xəbər verdiyimiz kimi, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı Klassik Xalq Cəbhəsi Partiyası ilə bələdiyyə seçkilərində əməkdaşlıq etməyin mümkünlüyünü bəyan etmişdi. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan məlumat vermişdi. Məsələyə münasibət bildirərkən KXCP sədri Mirmahmud Mirəlioğlu mia.az deyib ki, belə bir təklifin irəli sürülməsindən xəbərsizdir: ?Mənim bundan xəbərim yoxdur. Bilmədiyim məsələ barəsində də münasibət bildirə bilmərəm. Bizim təşəbbüsümüz ondan ibarətdir ki, hazırkı mərhələdə bütün müxalifətlə bir arada konrans keçirək. Həmin konfransda yeni Konstitusiya komissiyasının yaradılması, anti-böhran komissiyasının formalaşdırılması, bələdiyyə və parlament seçkilərində birgə iştirak etmək məsələsini daxil etməyi təklif edirik. Biz bunu gündəmə gətirmişik, ama hələlik gününü müəyyənləşdirməmişik. Amma nəzərdə tutmuşuq ki, aprel ayında bunu müzakirə edək. İndi bu müzakirələrdə nə qərara gəlinəcəksə, onu da həyata keçirək?.