Aydın Mirzəzadə: ?Əgər onlar bu təklifi həqiqətən də reallaşdırmaq istəyirlərsə, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməlidirlər? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana təhlükəsizlik məsələrində qarşılıqlı əməkdaşlıq təklif edir. Moskvada mətbuat konfransı keçirən təşkilatın baş katibi Nikolay Bordyuja rəsmi Bakını bu quruma qoşulmağa çağırıb. Təşkilatın baş katibinin sözlərinə görə, onsuz da Azərbaycan nümayəndələri blokun bəzi fəaliyyətlərində, məsələn narkoticarətlə mübarizədə iştirak ediblər. Nikolay Bordyujanın fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq Azərbaycanın özünə lazımdır: ?Belə ki, ölkə öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz?. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, ekstremal hallarda üzv ölkələrin bir-birinə hərbi dəstəyi nəzərdə tutulub. Üzv ölkələrdən birinə edilən hücum bütün üzv ölkələrə edilən hücuma bərabərdir. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının üzvü Aydın Mirzəzadə hesab edir ki, rəsmi Bakının bu quruma üzvlüyü yalnız bir şərtlə mümkün olar: ?Təklif var. Əgər onlar bu təklifi həqiqətən də reallaşdırmaq istəyirlərsə, ilk növbədə təşkilat Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməlidir. Ermənistandan işğal edilmiş torpaqlardan öz qoşunlarının çıxarmasını tələb etməlidir. Ondan sonra Azərbaycan bu təşkilatla müxtəlif sahədə əməkdaşlıq edə bilər. Hesab etmirəm ki, Azərbaycan mütləq hansısa bir hərbi bloka daxil olub həmin hərbi blokun strategiyasının həyata keçirilməsində iştirak etməlidir. Ancaq bununla belə, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bir çox sahələrdə əməkdaşlıq mümkündür. Ancaq nə qədər ki, torpaqlarımızı işğal edən Ermənistan buranın bərabərhüquqlu üzvüdür və onun işğalçılıq siyasətinə təşkilat tərəfindən qiymət verilməyib, birbaşa təşkilatla hər hansı bir sahədə əməkdaşlıq ola bilməz?