Azərbaycan futbolu adına yaraşmayan, rüsvayçı hal U-15 komandalarının yarışında qeydə alınıb. Martın 19-da Buzovna qəsəbə stadionunda keçirilməsi planlaşdırılan "Bakı" - "Qarabağ" oyunu baş tutmayıb. Supersport.Az-a bu barədə "Bakı" futbol klubunun uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu məlumat verib. Məsələ burasındadır ki, oyun əvvəli yeniyetmə futbolçuların lisenziyalarını yoxlayan hakim "Qarabağ"ın heyətində yer alan 13 oyunçudan 8-nin lisenziyasının saxta olduğunu müəyyənləşdirib. Rəqib komandanın heyətində meydana çıxan 8 futbolçunun saxta sənədlərlə və başqa ad altında oynamaq cəhdinin qarşısı alınıb. ?Bakı? klubu bu məsələyə kəskin reaksiya verib: ?Biz kimi aldadırıq? 16, 17, 18 yaşlı futbolçuların öz turnirləri keçirildiyi halda onların U-15 heyətində oyuna çıxarılması hansı komandaya baş ucalığı gətirər? Əminik ki, bu rüsvayçı hal AFFA və "Qarabağ" klubunun rəhbərliyi tərəfindən ciddi şəkildə araşdırılacaq və saxtakartlığa zəmin yaradan şəxslər layiqli cəzalarını alacaqlar?.