Bakı, 11 mart (AzərTAc). Rusiya xarici işlər naziri Sergey Lavrov martın 11-də Azərbaycana ikigünlük səfərə gəlir. RF-nin Bakıdakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Rusiya nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir. Görüşlərdə bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi, habelə iki ölkə arasında əməkdaşlığın perspektivləri və regional məsələlər barədə geniş fikir mübadiləsi aparılacaqdır. Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamənin yerinə yetirilməsinin yekunları müzakirə ediləcəkdir. S.Lavrov Azərbaycana səfəri çərçivəsində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılış mərasimində də iştirak edəcəkdir.