"Bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında intihar etmiş, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş Manaf Paşayevin ondan bir neçə gün əvvəl intihar etmiş digər təqsirləndirilən şəxs - hüquq mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqəti əks etdirməyən və tam yalan məlumatlar yayılıb".
Bu, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərtac-a daxil olan məlumatında bildirilir.
Məlumata görə, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib: "Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir".