Noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı Müsavat Partiyası, "Real” və "NİDA” Vətəndaş Hərəkatı birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: 

"Müsavat Partiyası, "REAL” Vətəndaş Hərəkatı,  "NİDA” Vətəndaş Hərəkatı
- Siyasi məhbusların azad edilmədiyi;
- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı; 
- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı; 
- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir".