Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyanın aparıcı kütləvi informasiya
vasitələrinin nümayəndələri ilə görüşüb.
Mia.az xəbər verir ki, MSK-nın inzibati binasında xarici media
mənsublarını salamlayan sədr M.Pənahov Milli Məclisə seçkilər ərəfəsində
qonaqlarla görüşdən məmnunluğunu ifadə edərək bildirdi ki, Azərbaycanda
seçkilər hər zaman istər yerli, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən
böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün
bütün şərtlər mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, həm yerli, həm də
xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının
sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Elə bunun
nəticəsidir ki, cari ildə Milli Məclisə keçiriləcək seçkiləri 40-a yaxın
beynəlxalq təşkilatdan 500-ə qədər beynəlxalq müşahidəçi, çoxsaylı siyasi partiyaları,
siyasi partiyalar blokunu, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti
institutlarını və qeydə alınmış namizədləri təmsil edən, həmçinin fərdi qaydada
seçkilərin izlənməsinə qoşulmuş 63000-dən çox yerli müşahidəçi izləyəcək.
Seçkilərda "exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər
müsbət qarşılanıb və 4 təşkilat qeydə alınıb ki, onların da 2-si öz işlərini
nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcəklər. Bütün qeyd
edilənlərlə yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə
coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu
isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana
gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb
olunmadan seçki günü birbaşa online rejimdə səsvermə, səslərin sayılması və
nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə,
geniş və hərtərəfli müşahidə etməyə imkan yaradır. MSK başda olmaqla bütün
seçki komissiyaları Milli Məclisə seçkilərin azad və ədalətli keçirilməsi üçün
hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və
sərbəst şəkildə səsvermə məntəqələrinə gələrək öz iradələrini ifadə edə
bilərlər.
MSK sədri M.Pənahov həmçinin,
Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki
praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı
layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verdi və onları
maraqlandıran sualları cavablandırdı.
MSK üzvləri, Katibliyin rəhbərliyi və
əməkdaşları, habelə yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin də
iştirak etdiyi görüş çərçivəsində xarici jurnalistlər Milli Məclisə seçkilər
ərəfəsində Komissiyanın fəaliyyəti və müxtəlif layihələrlə bağlı həyata
keçirilən son tamamlama işləri ilə də yaxından tanış oldular və səmimi qəbula
görə təşəkkürlərini bildirdilər.