Son günlər Rusiya prezidenti Vladimir Putinin tərəf müqabili sarıdan bəxti heç gətirmir. Görüşdüyü, bir masa ətrafında oturduğu prezidentlər ona qarşı «antipatiyalarını» jest və mimikalarla açıq şəkildə hiss etdirirlər.

BMT Baş Assambleyasının yubiley sessiyasında ABŞ prezidenti Barak Obamanın Putinə tuşlanan sərt baxışları, prezidentlərə verilən nahar yeməyində onunla badə toqquşdurmaması bir neçə gün dünya mediasının müzakirə mövuzusuna çevrilmişdi.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə də jurnalistlər Putinlə Pyotr Poroşenkonun əl sıxışmasını və bu zaman Ukrayna prezidentinin rusiyalı həmkarını soyuq və sərt baxışlarla salamlamasını gündəmə gətiriblər.

Görüşdən çəkilmiş videolentdən də görünür ki, Poroşenko Putinin gülümsəməsinə nəinki qarşılıq vermir, hətta ona xoş olmayan nəzərlərlə baxır.