Təxminən bir aya yaxındır ki, üzüm sahələrində məhsul yığımına başlanılıb. Üzüm çox, alıcı isə yox - fermerləri narahat edən əsas məsələ də budur. Digər bir problem isə sahələrin vaxtında suvarılmaması ilə bağlıdır. Fermerlerin qayğıları barədə ətraflı Ceyran Ələkbərovanın hazırladığı sujetdə.
Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri hesab olunur. Məhz buna görə də fermerlərin əksəriyyəti bu sahəyə maraq göstərir. Elə Rafiq Əhmədov kimi. Əsasən bolqar sortuna üstünlük verən müsahibim bu il sahələrdən bol məhsul əldə etdiyini deyir. Onun sözlərinə görə, üzümün kiloqramı növündən aslı olaraq alıcılara 30-50 qəpiyə təklif edilsə də, alıcılıq qabiliyyəti olduqca zəifdir.
Fermerlərin digər problemi isə sahələrin suvarması ilə bağlıdır. Müsahibim Rafiq Əhmədov deyir ki, bu il havaların həddindən artıq isti keçməsi suya olan tələbatı artırıb. Amma obyektiv və subyektiv səbəblərdən sahələri vaxtında suvara bilməyən fermerler sonda plantasiyalarda üzümün necə xarab olmasını müşahidə ediblər. Bu da onların çəkdiyi min bir əziyyətin hədər olması deməkdir.
Müsahibim deyir ki, əgər su problemi həllini taparsa üzüm plantasiyalarında məhsuldarlıq daha yüksək olar. Onu da deyək ki, Tovuz rayonunda 621 hektar üzüm bağı var ki, bunun da 550 hektarı bar verən sahələrdir.
CEYRAN ƏLƏKBƏROVA