Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, əvvəlcə Komissiyanın 18 sentyabr
və 19 sentyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq
edilib.
Sonra Azərbaycan Respublikasının Milli
Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki
bülletenlərinin mətni və forması təsdiq edildi, ümumilikdə 5344431 (beş milyon üç
yüz qırx dörd min dörd yüz otuz bir) seçki bülleteninin mətbəə üsulu ilə
hazırlanması qərara alındı.
Komissiyanın iclasında 2015-ci il noyabrın
1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat
Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası və
"AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş səlahiyyətli
nümayəndələrin qeydə alınması məsələsinə baxıldı və sözügedən siyasi partiyalar
və siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alındı.
MSK-nın qərarı ilə bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edildi.
İclasda həmçinin, Milli Məclisə
seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin
müzakirəsindən sonra müvafiq qərarlar qəbul olundu.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.