Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafanın namizədliyi 26 saylı DSK-da qeydə alınıb. Bu barədə F.Mustafa özünün Feysbuk sosial şəbəkəsindəki hesabında məlumat verib:  "Artıq Sabunçu rayonu Bakıxanov qəsəbəsindən rəsmi olaraq deputatlığa namizəd oldum. İmzası ilə, duaları ilə bizi dəstəkləyən hər bir seçiciyə şükranlarımı bildirirəm. Hamını razı salmaq əlbəttə, mümkün deyil, ancaq bütün deputatlıq fəaliyyəti boyu çalışmışam ki, sadəcə bir qəsəbə sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının xidmətində olum, insanlarımızın problemlərini səlahiyyətim və günümüzün reallıqları imkan verdiyi səviyyədə dilə gətirim və həllinə çalışım. Demək olar ki, hər həftə qəsəbədə insanları qəbul edib, şikayətlərinə baxmışam. İnşəallah, Rəbbim imkan verər ki, bundan sonra da insanlarımıza faydalı olarıq".

BQP sədri namizəd olduqdan sonra sosial şəbəkələrdə fəaliyyətini  qanunvericiliyə uyğun şəkildə həyata keçirəcəyini qeyd edib: "Təbliğat-təşviqat kampaniyası oktyabr ayının 10-dan sonra başladığına görə sosial şəbəkədə də fəaliyyətimi qanunvericiliyə uyğun şəkildə həyata keçirəcəyəm. Maraqlanan dostlar üçün xatırladıram ki, Seçki qərərgahımız Bakıxanov qəsəbəsində yerləşən ATS-lə üz-üzə 5 mərtəbəli binanın altındadır".